Narkotik vasitələri ölkəyə keçirmək istəyən DSX hərbçiləri saxlanıldı

17:09 - 25.07.2022


25 iyul, Fineko/abc.az. Dövlət sərhədini pozaraq ölkəyə narkotik keçirməyə çalışarkən tutulan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən onların qanunsuz əməlləri ifşa edilib.

Müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək  mülki şəxs  Hikmət Xəlili və qeyriləri ilə  satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İrandan qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.

Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıblar. Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər