Kapital Bank : Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə, göstərdikləri etibara görə təşəkkürümüzü bildiririk

23.10.2017,12:15


Ölkənin maliyyə sektorunun lider bankına çevrilən Kapital Bank son illər ərzində böyük nailiyyətlər əldə edib. Böyük transformasiya prosesi keçmiş bank, hazırda ölkə üzrə 100-dək filialı ilə müştərilərə müxtəlif çeşidli bank xidmətləri göstərir. 2017-ci ilin üçüncü rübünü yüksək nəticələrlə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu biznesin qurulması və idarə olunmasının sirləri barədə danış;b.

 

Rövşən müəllim, heç də asan olmayan 2016-cı ili Kapital Bank 52 mln. manatlıq mənfəətlə başa vurdu. Biznesin uğurlu olması hansı meyarlardan asılıdır?

 

İlk növbədə qeyd edim ki, 2016-cı il olduqca maraqlı il oldu. Bildiyiniz kimi 2015-ci ilin əvvəlində və sonunda devalvasiya baş verdi. Və növbəti 2016-cı il üçün bank sektorunun proqnozları ürəkaçan deyildi. Amma biz əvvəlki ildə olduğu kimi ötən ili də uğurla və mənfəətlə yekunlaşdırdıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəfləri artıqlaması ilə vura bildik. Kapital Bank 3 milyona qədər fiziki, 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Böyük müştəri bazası, daim yenilənən məhsul portfeli, ölkə üzrə ən böyük filial şəbəkəsi, filialların və biznes prosesləri transformasiyası ilin sonunda uğurlu rəqəmləri əldə etməyə zəmin yaradır. Biznesin inkişafı, yüksək potensiala malik komandanın mövcudluğu biznesin uğurlu olmasını təmin edir. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.

 

Ölkədə baş verən devalvasiyalardan sonra beynəlxalq reytinq agentlikləri ölkənin maliyyə sektorunun reytinqlərini aşağı endirməyə başladı. Amma buna baxmayaraq Kapital Bank əvvəlki illərdə olan reytinqini sabit saxlaya bildi.

 

Ümumiyyətlə, dünyanın istənilən ölkəsində iqtisadi böhran baş verdikdə, reytinqlərdə müəyyən geriləmələr müşahidə olunur. Azərbaycanda da devalvasiyalardan sonra bəzi xoşagəlməz reytinqlər, həmçinin milli valyutanın qeyri-sabit məzənnədə olması bu cür neqativ xəbərlər eşitməyimizə zəmin yaratdı. Bankımızın fəaliyyəti Standard & Poor's və Moody's Investor Service beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bizim reytinqimiz sabit olaraq saxlanılıb. Təbii ki, neqativ xəbərlərin fonunda beynəlxalq agentliklərindən sabit reytinq almaq olduqca çətin və məsuliyyətli məsələdir. Deməli Kapital Bank ölkənin maliyyə sektorunda lider qurum olaraq özünü təsdiqləyə bilib. Hazırda Kapital Bank-ın kapital adekvatlığı əmsalı nəzarət orqanının tələblərinə tam uyğundur və bankın mövcud kapital buferi gözlənilməz halları qarşılamağa imkan verir. Eyni zamanda, bankın mənfəətli fəaliyyəti də kapital  göstəricilərini dəstəkləyir. Bildiyiniz kimi, praktikada kapitalla bağlı risklər və itkilər yerləşdirilmiş aktivlərin, o cümlədən kreditlərin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan bankımız kredit risklərini minimallaşdırmaq məqsədilə, “müştərini tanı prinsipi”nə xüsusi diqqət yetirir və bütün müraciətlər ətraflı təhlil edilir. Kreditlər verilərkən müştərilərin maliyyə vəziyyəti, öhdəlikləri, fəaliyyəti hərtərəfli təhlil olunur və potensial risklər nəzərə alınmaqla onların ödəniş imkanları daxilində kreditlər təklif olunur. Kredit risklərini minimal hədlərdə saxlamaq üçün iqtisadi şərtlər daxilində müxtəlif seqmentlərin kreditləşmə prosesi mütəmadi nəzərdən keçirilir və təkmilləşdirilir.Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib.

 

Son 2 il ərzində Kapital Bank-ı həmçinin beynəlxalq sərgilərdə, konfranslarda görürük. Xarici təşkilatlarla əməkdaşlıq etməyi, beynəlxalq arenaya çıxmağı planlaşdırırsınızmı?

 

Kapital Bank-ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin il ərzində maliyyə sərgilərində iştirak edirik. Kapital Bank Amerika Banklar Assosiasiyasının üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.Bu ilin sentyabr ayında Kapital Bank Swift Gpi beynəlxalq sisteminə qoşulub. Həmçinin ötən ay məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığımızı genişləndirməyə çalışacayıq.

 

Son zamanlar bir sıra Avropa bankları rəqəmsal bankinq xidmətləri təklif etməyə başlayıb. Bəs Kapital Bank müştəriləri üçün hansı innovativ yenilikləri təqdim etməyi düşünür?

 

Cari ilin əvvəlində biz yenilənmiş Mobil və İnternet Banking xidmətimizi müştərilərin ixtiyarına verdik. Bir sıra üstünlüklərə və yeniliklərə malik bu tətbiq vasitəsilə müştərilər, bank əməliyyatlarını filiala gəlmədən asanlıqla həyata keçirə bilirlər. Amma texnologiyalar saatbasaat inkişaf edir və biz də bu tendensiyaya uyğun olaraq irəliləyirik. Yaxın zamanlarda tətbiqin daha üstün versiyasını müştərilərə təqdim edəcəyik. Artıq müştərilər banka gəlmədən kredit və ödəniş kartları sifariş verə, əmanət yerləşdirə və bütün hesab və bank məhsullarını xüsusi tətbiq vasitəsilə idarə edə biləcəklər. Bundan başqa Kapital Bank-ın 2018-2020-ci illər üzrə nəzərdə tutulmuş strateji hədəflərinin ən mühümü bütün məhsul və xidmətlərimizi həmçinin rəqəmsal müstəvidə olmasından ibarətdir.

 

Kapital Bank-ın ölkə üzrə 100-dək xidmət nöqtəsi mövcuddur. Rəqib bankların filialları bağlandığı bir vaxtda, yeni filialların açılmasını nə ilə əlaqələndirərdiniz?

 

Xidmət sahəsinin genişləndirilməsi zamanı müştəri xidməti keyfiyyətini də artırmaq lazımdır. Təbii ki, bu sahədə atılan ilk addım filial şəbəkəsinin optimallaşdırılmasıdır. Müştəri keyfiyyətli xidməti ona yaxın və rahat olan, əlverişli yerdə açılmış filialda almalıdır. Ona görə də müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə “əl gəzdirməli” olduq. Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Bununla yanaşı region filiallarımızı inkişaf etdirmək məqsədilə İsmayıllıda və Lənkəranda Təlim İnkişaf Mərkəzlərimizi əməkdaşlarımızın ixtiyarına vermişik. Artıq region təlimləri orada keçirilir ki, bu da əməkdaşların inkişafına və müştəri xidmətinin keyfiyyətinə müsbət təsir edir. Həmçinin yeni Kart Mərkəzlərinin açılışları oldu ki, bunun da nəticəsində sosial müavinət və digər kart alan müştərilər bu mərkəzlərə gəlib, rahatlıqla kartlarını əldə edə bilərlər. Bundan başqa müştəri seqmentimizdən asılı olaraq daha bir neçə yeni filiallar açılması planlaşdırılır.

 

Kapital Bank tərəfindən hansı sosial layihələr həyata keçirilir?

 

Kapital Bank korporativ sosial məsuliyyət sahəsinə böyük diqqət ayırır. Hər il bank müxtəlif sosial layihələr həyata keçirir. Mütəmadi olaraq Təhsil Nazirliyinə, Sabah qruplarına, “Azərbaycan üçün öyrət”, “Təhsil Nazirliyi”, Respublika üzrə Fənn Olimpiadasına, Dövlət İqtisad Universitetinə müxtəlif layihələr üzrə dəstək göstərmişik. Təhsil Nazirliyinin Təhsil Sərgisinin baş sponsoru olduq. Oktyabr ayında Berkley Universiteti ilə Mühəndislər Universitetinin əməkdaşlığı nəticəsində olan “İnnovasiya Ekosistemlərinin Qurulması” konfransı da dəstəyimizlə keçirilib. Kapital Bank-ın “Yaşıl ölkəm” layihəsi çərçivəsində bir sıra regionlarda ağacəkmə aksiyaları həyata keçirmişik. Hər il əməkdaşlarımız “Talasemiyasız həyat” naminə proqramına dəstək göstərərək qanvermə aksiyalarında iştirak edir. Bu ilin oktyabr ayında isə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakıda, Gəncədə, İsmayıllıda və Lənkəranda təqaüdçülər üçün maarifləndirici təlimlər təşkil etdik. Gələcəkdə belə layihələrin daha geniş miqyasda davam etdiriləcəyi planlaşdırılır.

 

Yaxın gələcəkdə müştərilərinizə hansı yeni məhsulları və xidmətləri təqdim edəcəksiniz?

 

Əlamətdar günlər zamanı müştərilərimizə mütəmadi olaraq müxtəlif endirimli, hədiyyəli və güzəştli aksiyalar təqdim edirik. Bu artıq ənənə halını alıb. Bundan başqa yeni məhsulları da təqdim etməyi unutmuruq. Bildiyiniz kimi yeni mövsümdə 3 valyutalı Visa Trio kartlarını bazara çıxardıq. Sadiq kredit müştərilərimizə “Birlik Klubu”nu təqdim etdik. Bundan başqa BirKart məhsulu üzrə də bir sıra yeniliklərimiz olacaq ki, bu da müştərilərimizə əlavə üstünlüklər qazandıracaq.

 

Proqnozlardan söz düşmüşkən, ilin sonunadək əsas maliyyə göstəriciləri ilə bağlı proqnozlarınız nədən ibarətdir? 2017-ci ilin yekunları da mənfəətli olacaqmı?

 

Təbii ki, proqnozlarım pozitivdir. İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. 2017-ci ildə də artım tendensiyasının saxlanılmasına çalışacağıq. Bundan başqa hazırda Kapital Bank 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayacaq. Keçmiş 3 ilin hədəflərini yüksək nəticələrlə başa vurduq. Çətin transformasiya prosesi zamanı bizimlə olan müştərilərinizə təşəkkürümü bildirmək istərdim. Növbəti illərdə də olduqca çətin və məsuliyyətli hədəflərimiz var. Əminəm ki, onları da peşəkar komandamızın köməkliyi, səyi və bacarığı ilə həyata keçirə biləcəyik. 

Açar sözlər: Kapital Bank