Donald Tramp: Növbəti aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacaq

15:52 - 24.05.2018


24 may, Fineko/abc.az.  ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti  İlham Əliyevə təbrik məktubu göndərib, məktubda  Amerika xalqı adından dövlət başçısını və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edib.

Məktubda deyilir ki, Azərbaycan və Birləşmiş Ştatlar birgə əməkdaşlıq edir, mürəkkəb regional çağırışların həlli üçün birlikdə çalışırlar.

“Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”, - məktubda belə deyilir.

 

Bütün xəbərlər