İKZF kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 216 mənzil təklif edir

14:12 - 2.08.2022


2 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib.

Bu barədə ABC.AZ İKZF-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur. Bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrliyində yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır.

 Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır. Yeni mənzillər elektron sistem üzərindən seçim üçün avqustun 8-dən açıq olacaq.

 

Bütün xəbərlər