Azərbaycanda daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

02.08.2022,15:29


2 avqust, Fineko/abc.az. Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.

ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov avqustun 2-də Kahramanmaraşda “Do Cotton Group” şirkətində olaraq buradakı istehsal prosesinin vəziyyəti ilə tanış olub.

Ağcabədi rayonunda tikilən zavodda qurulması nəzərdə tutulan texnologiya və avadanlıqlar barədə Azərbaycanın səfirinə məlumat verilib. Bildirilib ki, istehsal prosesi qrafikə uyğun aparılır və heç bir ləngimə yoxdur.

“Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan məlumat verib ki, tam şəkildə Türkiyə istehsalı olan texnologiya və avadanlıqlar bu ilin pambıq yığımı mövsümünə qədər təyinat məntəqəsində quraşdırılacaq. İstehsal olunan texnologiya və avadanlıqlar bir sıra keyfiyyət göstəricilərinə malikdir.