Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb

14:00 - 25.05.2018


Energetika Nazirliyində Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaçla görüş keçirilib. Görüşdə Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Cəmiyyətinin fəaliyyət istiqamətləri və Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Enerji sahəsində Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov energetika sektorunda aparılan islahatların əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, tənzimləyici qurumun yaradılması, elektrik enerjisi bazarının formalaşdırılması və enerji səmərəliliyinə nail olunması istiqamətində həyata keçirilən tədbirlərdə və yeni tələblərə uyğun qanunların hazırlanmasında beynəlxalq təşkilatların, xüsusilə “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının dəstəyi mühüm rol oynayır. Enerji Cəmiyyətinin bu istiqamətdə bir çox ölkələrdə əldə etdiyi təcrübəsini bölüşmək, ekspertlərin prosesə cəlbi faydalı olardı.

Yanez Kopaç təmsil etdiyi qurumun enerji sahəsində qanunvericilik və tənzimləmə, eləcə də enerji infrastrukturuna dair strateji layihələrlə bağlı həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs edərək, Energetika Nazirliyi ilə bu məsələlərdə əməkdaşlığa hazır olduğunu bildirib.

Bütün xəbərlər