“Şimal-Cənub” marşrutu ilə yükdaşımaları üçün razılaşdırılmış tariflər işlənib hazırlanacaq

13:00 - 23.10.2017


Riqa şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı perspektivləri müzakirə edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyildiyi kimi, Latviyanın paytaxtında keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında görüş keçirilib.

Məlumatda deyilir: “İşçi görüşdə Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov da həmçinin iştirak edib.  Tədbir gedişatında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi və digər məsələlər  müzakirə edilib”.

Həmçinin bildirilir ki, görüşün yekununda tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunn inkişafı üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər və bu haqda müvafiq protokol imzalayıblar. 

 “Görüş iştirakçılarının fikrincə, artım tendensiyalarının saxlanılması üçün, logistika şirkətlərinin diqqəti, müntəzəm nəqliyyat xidmətlərinin yaradılmasına və bütün tərəflərin maraqlarını təmin edən razılaşdırılmış tarif dərəcələrinin hazırlanmasına yönəldilməlidir, həmçinin yüklərin gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi üzrə  iş aparılmalıdır”, - məlumatda belə deyilir.

Görüş gedişatında logistik zəncir iştirakçılarının (dəmir yollarının, limanların, dəniz yolu daşımaçılarının, gömrük xidmətlərinin) qarşılıqlı əlaqəsinin yaradılmasının əhəmiyyəti qeyd olundu.

Yığıncaqda Avropa, Cənubi Asiya, Fars körfəzi ölkələri, Belarus və Rusiya arasında yükdaşımalarının sürətləndirilməsi və ucuzlaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti üzrə birbaşa dəmir yolu bağlantısının yaradılması ilə bağlıdır ki, bunun üçün də dəhlizin son çatışmayan halqası – Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi lazımdır.

Cari ilin doqquz ayı ərzində “Şimal-Cənub” dəhlizi üzrə dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi 21,6 %-ə qədər  artmışdır və 4,7 milyon tondan artıq təşkil etmişdir. Ötən il ilə müqayisədə,  konteyner daşımalarının həcmi 2,4 dəfə artıb. Belə ki, Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə 7 mindən çox konteyner çatdırılmışdır.

Ötən il Rusiyanın “Rusiya Dəmir Yolları Logistika” Səhmdar Cəmiyyəti  xarici tərəfdaşlarla birgə dəhlizin qərb marşrutu üzrə  İran və Azərbaycan ərazisindən Hindistandan Rusiyaya konteynerlərin test göndərilməsini həyata keçirmişdir.

 

 

Bütün xəbərlər