Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04.08.2022,11:33


4 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.

ABC.AZ Nazirliyin məlumatına istinadla xəbər verir ki, müqaviləyə əsasən “Signalhorn” şirkəti “Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb.

“Azerspace-1” peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.

Qeyd edək ki, Azərkosmos qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim olunur.