İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyən ABŞ və Britaniya hökumətlərinə təşəkkürünü bildirdi

10:47 - 29.05.2018


29 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində iştirak edir.

Dövlət başçısının mərasim gedişatında bildirib ki, “Cənub Qaz Dəhlizi”  layihəsinin həyata keçirilməsinə 40 milyard dollar sərmayə qoyulmuşdur,  Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları isə 2,6 trilyon kubmetr təşkil edir.

“Bu layihənin beynəlxalq əməkdaşlıq olmadan həyata keçirilməsi mümkün olmayacaqdı və layihənin icrası zamanı Azərbaycan, Türkiyə və Gürcüstan arasında güclü regional əməkdaşlıq formatı formalaşmışdır. Layihənin həyata keçirilməsi üçün  siyasi, iqtisadi və mənəvi dəstək göstərən ABŞ hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Layihənin icrasına çox sayda resurs tələb edilmişdir və biz bu dəstəyi banklardan aldıq. Bu dəstək həmçinin  Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi zamanı da göstərilib. Britaniya hökuməti də həmçinin dəstək  göstərmişdir, keçən il bu ölkənin baş naziri ilə razılaşma imzalanıb”, - deyə İ.Əliyev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji layihələrinin həyata keçirilməsini davamlı olaraq dəstəkləyir.

“Layihəni dəstəkləyən Beynəlxalq Maliyyə Korporasiyasına da təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün kreditləri geri qaytarmışıq və vaxtında qaytaracağıq”, -  İ.Əliyev belə deyib.

 

Bütün xəbərlər