Laçına daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb

11.08.2022,11:40


11 avqust, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm yol infrastrukturu layihələrindən biri olan Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekinlaşıb.

Bunu ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Məlumata əsasən, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir  və III texniki dərəcəyə uyğun inşa olunub.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 metr) metr təşkil edir.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi  quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.