ADRA-nın mənfəəti 31% azalıb

15.08.2022,10:31


15 avqust, Fineko/abc.az.  Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2021-ci ili 933 min manat mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 30,7% azdır.

ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bu barədə Agentliyin maliyyə hesabatında qeyd edilib.

Ötən il ADRA-nın gəlirləri 6,43 milyon manat (illik müqayisədə 3,5% çox), o cümlədən reklam yayımı haqlarından gəlirləri 5,96 milyon manat (1,2 % çox), digər gəlirləri isə 470 min manat (45,5 % çox) təşkil edib.

Hesabat dövründə Agentliyin xərcləri isə 5,497 milyon manat (13 % çox), o cümlədən insan resursları üzrə xərcləri 3,778 milyon manat (20,2 % çox), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 470 min manat (15,3 % az), icarə xərcləri 441 min manat (2,2 % az), təmir və saxlanma xərcləri 100 min manat (17,6 % çox), ezamiyyə xərcləri 36 min manat (33,3% çox), digər xərcləri isə 670 min manat (27,9 % çox) olub.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7,694 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur. Ötən il Agentliyin öhdəlikləri 31,3 dəfə artaraq 469 min manata, balans kapitalı isə 14,8 % artaraq 7,225 milyon manata çatıb.