Yenidən qurulan qoruq jurnalistlərə təqdim olundu

10:41 - 15.08.2022


15 Avqust, Fineko/abc.az. Avqustun 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.

ABC.AZ xəbər verir ki, media nümayəndələri “Basqal” Dövlət Tarix-Mədəniyyət ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri haqda məlumatlandırılıblar.

Onlara Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən tədqiq edilib və qoruğun elmi-inventar fondu hazırlanıb. Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək qoruğun muzey fonduna təhvil verilib. Mediatur çərçivəsində jurnalistlərin abadlaşdırılma prosesi ilə bağlı sualları cavablandırılıb.

Müəllif: Elmir Murad


Bütün xəbərlər