Altı ayda  ARDNF-nin aktivləri artıb

15.08.2022,11:50


15 avqust, Fineko/abc.az. Altı ayda dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)   transfertlər nəzərdə tutulduğundan az icra edilib, valyutaya azalan tələb fonunda AMB valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən ARDNF-nin transfertləri 73,1 faiz icra edilib, bu mənbədən dövlət büdcəsinə 4648 milyon manat vəsait daxil olub.
Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika ARDNF-nin aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb.

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin aktivləri 282 milyon ABŞ dolları artaraq 45 milyard 306,8 milyon ABŞ dollarına yüksəlib.
Tələbin azalması fonunda AMB bazara alışyönlü müdaxilələr edib, cari ildə valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə 297 milyon ABŞ dolları həcmində valyuta alışı həyata keçirilib.