“Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payı özəlləşdirilir

15:40 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

ABC.AZ quruma istinadla xəbr verir ki, “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlət payının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 12 milyon 956 min 500 manat olan 129 min 565 pay  satışa çıxarılıb.

Cəmiyyətin nizamnamə kapitalı 14 milyon 260 min manat, öhdəlikləri 447 min 543 manat, debitor borcu 152 min 866 manat təşkil edir.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar ümumi həcmi 15 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, müasir avadanlıq və texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.

Müsabiqə qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 7 milyon manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2022-ci il sentyabrın 15-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.

Bütün xəbərlər