“Qatar Airways” aviaşirkətinə məxsus olan hava gəmisi Bakıda məcburi eniş etdi

15:14 - 29.05.2018


29 may, Fineko/abc.az. Dohadan Tunisə uçan layner mühərrikinin sıradan çıxması səbəbindən Bakıda məcburi eniş edib.

Bakı hava limanının mətbuat xidmətindən verilən məlumata görə, “Qatar Airways” aviaşirkətinə məxsus olan hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilmişdir.

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır.

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

Məlumatda qeyd edilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

 

Bütün xəbərlər