Azərbaycanda mikromaliyyə strategiyası hazırlanır

09:59 - 23.08.2022


23 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının və Asiya İnkişaf Bankının texniki dəstəyi ilə mikromaliyyə strategiyası hazırlanır.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev məlumat verib.

"Strategiyanın hazırlanmasına AMFA da cəlb edilib", - deyə o, qeyd edib.

Bundan başqa, C.Əliyevin sözlərinə görə, rəhbərlik etdiyi qurum iyulun 29-da Türkiyənin İstanbul şəhərində mikromaliyyə konfransında iştirak edib, kreditorlarla görüş keçirib: "Devalvasiyadan sonra təbii olaraq onların sayı azalmışdı. Kreditorlara Azərbaycanda fəaliyyətlərini yenidən gücləndirməklə bağlı təkliflər verdik. Hazırda gənc sahibkarların dəstəklənməsinə dair layihə həyata keçiririk. Layihəni Avropa İttifaqı maliyyələşdirir. Bu çərçivədə Bakı, Gəncə, Qəbələ, Mingəçevir, Xaçmaz, Qax, Zaqatala və Masallı rayonlarında gənc sahibkarlara 2 günlük təlim təşkil olunub. Təlimlərdə 146 iştirakçı olub. Bu layihə çərçivəsində iştirakçılara maliyyə savadlılığı ilə bağlı təlimlər keçmək üçün 96 təlimçi akkreditə olunub. Eyni zamanda, pandemiya zamanı azalmış gəlirlərin bərpa edilməsi, sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə bağlı vebinar da keçirilib”.

Bütün xəbərlər