Mərakeş Krallığı ilə əmək və məşğulluq sahəsində ikitərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub

11:10 - 1.06.2018


 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Mərakeş Krallığının əmək və əməyin təhlükəsizliyi naziri Muhammed Yatim arasında görüş olub.

Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində keçirilən görüşdə S.Babayev Azərbaycanın sosial müdafiə sistemi, ölkəmizdə icra olunan sosial proqramlar, habelə aktiv əmək bazarı proqramları barədə M.Yatimə məlumat verib.

Nazir iki ölkə arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib. S.Babayev həmçinin İslam Əmək Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin İslam ölkələri, o cümlədən Azərbaycanla  Mərakeş arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində  əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

M.Yatim əmək və məşğulluq sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirməyə, əhalinin məşğulluq imkanlarının artırılması, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və s. sahələr üzrə ölkəmizin təcrübəsini öyrənməyə maraq göstərdiklərini diqqətə çatdırıb. O  aiidyyəti sahələr üzrə mütəxəssis mübadiləsinin də məqsədəuyğun ola biləcəyini bildirib.

Görüşdə əmək və məşğulluq sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu məqsədlə əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin də artıq imzalanmaq üçün demək olar ki, hazır olduğu bildirilib. Görüş zamanı S.Babayev M.Yatimi Azərbaycana səfərə dəvət edib.


Bütün xəbərlər