Bakıda iki paytaxt marşrutu birləşdirilərək müsabiqəyə təqdim olundu

12:36 - 1.06.2018


1 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) müsabiqə elan edib.

BNA-in məlumatında deyilir ki, müsabiqə, 20 və 94 saylı paytaxt marşrutları ilə daşıma xidmətlərinin göstərilməsi üzrə elan edilib.  

“Kompleks təhlillərin aparılması nəticəsində müəyyən edilmişdir ki, sözügedən marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi  avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına, hətta dəfələrlə ağır yol nəqliyyat hadisələrinə səbəb olurdu. Agentliyin Qaynar Xəttinə sürücülər tərəfindən davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, bu kimi problemlərin aradan qaldırılması üçün, Agentlik 20 və 94 nömrəli marşrutların birləşdirilərək müsabiqə yolu ilə bir daşıyıcı tərəfindən istismar edilməsinə qərar verib.

“Müsabiqə şərtlərinə əsasən, daşıyıcıdan ən azı 35 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və 24 oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 05:30-da reysə başlamalı, 23:59-də isə reysi bitirməlidir. Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixində Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi saytında yerləşdirilib”, - BNA-dan belə xəbər verildi.

 

Bütün xəbərlər