Ofis işçiləri arasında ən çox yayılan xəstəliklər hansılardır?

13:28 - 1.06.2018


İlk baxışda ofis işi prestijli, intellektual və komfortlu iş kimi görünür. Bu “aysberqin” görünən tərəfidir. Ofis işçisi daimi psixoemosional gərginliyə məruz qalır. Kompyuter qarşısında süni işıqlandırma fonunda uzun müddətli hərəkətsiz qalır, açıq havada az olur, elektron cihazların tozlarını və toksiki havasını udur. Bütün bunlar izsiz ötüşmür. Tez və ya gec ofis işçilərinin 30-35% xarakter ofis xəstəliklərinə tutulurlar.

Tunel bilək sindromu  - Kompyuter arxasında gündə 4 saatdan artıq çalışan hər 6 nəfərdən birində meydana çıxa bilər. Əlamətləri : biləkdə ağrı, barmaqlarda zəiflik, ağrı, keyimə, iynəbatma hissi, xəstəliyin gecikmiş etapların da isə hərəkətin məhdudlaşması belə baş verə bilər.

Osteoxondroz - Hər gün saatlarca eyni vəziyyətdə oturmaq onurğada qan dövranı pozğunluğuna, beldə, boyun və çiyin nahiyyələrində ağrılara səbəb olur. Daha sonra bu hal onurğa yırtığı, radikulit, kifoz (beldə donqarlıq) , lordoz (belin içəriyə doğru əyilməsi), skolioz (onurğanın yana əyilməsi)  kimi ağırlaşmalara səbəb olur.

Piylənmə - Az hərəkətli həyat tərzi və qeyri-düzgün  qidalanma səbəbindən yaranır. Tədricən belə şəxslərdə təngnəfəslik, normadan artıq tərləmə, ayaqlarda ödem və ağrılar yaranır.

Ürək-damar xəstəlikləri - Daimi stress, az hərəkətlilik, artıq çəki, yorğunluq hissini azaltmaq üçün kofedən süni istifadə səbəbindən yaranır.

Quru göz sindromu - Kompyuterlə çalışan ofis işçilərinin 20% i bu problemlə qarşılaşır. Gözün qızarması, qaşınması, yanğı hissi, sulanma, işıqdan qorxma, gözdə yad cisim hissi formalaşır.

Xroniki yorğunluq sindromu - İnformasiya çoxluğu, psixoemosional gərginlik səbəbindən formalaşır. Əhvalın olmaması, yuxululuq, gərginlik, qıcıqlanma, fikri cəmləyə bilməmək kimi əlamətlərlə özünü göstərir. İnfarkt, diabet, depressiya daha çox bu şəxslərdə rast gəlinir.

Varikoz xəstəliyi - Uzun müddət oturan və az hərəkətli şəxslərdə formalaşır. Qravitasiya qanununa görə qan damarlarla aşağıya doğru axır. Qanın geriyə, yuxarıya doğru axını isə əzələlərin yığılıb-açılması hesabına olur. Hərəkətsizlik və oturma zamanı isə əzələlər hərəkət etmədiyindən qan damarlarda ləngiyir və varikoz və ya damar “ulduzcuqları” formalaşır. Varikoz tromboz, infarkt və insult kimi ağırlaşmalara səbəb olan ciddi patologiyadır.

Mədə bağırsaq problemləri - Düzgün qidalanmamaq və hipodinamiya (hərəkətsizliklə) ilə bağlı meydana çıxır. Belə şəxslərdə mədə nahiyyəsində ağrı, qəbizlik və ya diareya, meteorizm (köp), ağızda acılıq kimi şikayətlər olur.

Hemorroy (Babasil) - Oturaq həyat tərzi keçirən şəxslərdə kiçik çanaqda qan dövranı zəiflədiyi üçün düz bağırsaqda yerləşən  damarlar da genişlənməyə məruz qalır və hemorroy (babasil) yaranır.

Nə etməli?

Piyada gəzin!

Liftdən istifadə etməyin. Pilləkənlərdən istifadə etməyə çalışın. İşdən sonra ən azı 1 saatlıq yürüyüşə və ya gəzintiyə çıxın.

Düzgün oturun!

Belinizi kresloya söykəyin onurğanıza dayaq olsun. Qollarınız masaya və ya kreslonun yanlarına dayayın.

Klaviaturaya yumşaq basın!

Bu yolla biləyinizə düşən yükü xeyli azaltmış olursunuz. B6-B12 vitamini ilə zəngin qidalar qəbul etməyə çalışın. Bu tunel sindromunun yaranmasının qarşısını alacaq.

Maye qəbulunu artırın!

Maye orqanizmi toksinlərdən təmizləyir, trombozun (laxtalanmanın) qarşısını alır, infarkt, insult riskini, varikozun yaranmasının qarşısını alır.

Fasilələr edin!

Ofis və ya dəhlizdə gəzin. Hər 1 saatdan bir 20-30 saniyəlik gözlərinizi yumub dincəlin.

İdmanla məşğul olun!

Gəzinti, yüngül gimnastika və ya üzgüçülük ofis sindromundan sizi qoruya bilər.

Gözlərinizi qırpın!

Bu gözünüzü təbii göz yaşı ilə isladaraq quruluğu azaldacaq. Və ya xüsusi göz damcılarından istifadə edin.

Bütün xəbərlər