AccessBank kollektivi Gəncədəki "SOS uşaq kəndi"ni ziyarət edib

16:38 - 1.06.2018


AccessBank kollektivi 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Gəncədə yerləşən "SOS uşaq kəndi"ni ziyarət edib.
 
Tədbir çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün maraqlı şou-proqram və müsabiqələr təşkil olunub. Bundan başqa, "face art" ustaları öz bacarıqlarını nümayiş etdirərək uşaqların gününə rəng qatıblar. 
 
Ardınca uşaqlara öz istəklərinə uyğun hədiyyələr paylanılıb. 
 
Bununla yanaşı, bank tərəfindən "SOS uşaq kəndi"nin bəzi ehtiyacları qarşılanıb.
 
AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib: "Biz bu gün uşaqlara bayram yaşatmaq üçün gəlmişdik, lakin balacalar bizə bayram yaşatdı və biz onlardan inanılmaz enerji aldıq. Bu uşaqların həyat sevgisi, onların nailiyyətləri, istedadları bizi heyran etdi. Mən bir şeyi dəqiq anladım ki, bu uşaqların parlaq gələcəyi var. Sözsüz ki, onların uğurunun təməlində uşaqların qayğısına qalan insanlar dayanır".
 
Departament direktoru əlavə edib ki, AccessBank ilə "SOS uşaq kəndləri" arasında əməkdaşlıq davamlı olacaq.


Bütün xəbərlər