Ağsu İcra Hakimiyyəti tenderləri təsisçisi həbsdə olan şirkətə verir - Təfərrüat

14:08 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərində daxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, tenderin qalibi “ATF” MMC-dir.

İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 495 059.23 AZN-dir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonu, Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

Qeyd edək ki, “ATF” MMC əsasən yol tikintisi və təmiri ilə məşğuldur. Şirkətin təsisçiləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. Qardaşların adlarının baş hərflərinin birləşməsi ilə “ATF” MMC-nin adı yaranıb. “ATF” MMC-nin əsasən şübhəli tenderlərdə iştirakı barədə mediada xeyli material dərc edilib. 

Yeri gəlmişkən, Təbriz Muradovun oğlu Tehran Muradov 17 saylı Yol İstismar İdarəsinin müdiridir. “ATF”in əsasən yolların təmiri və tikintisi ilə bağlı tenderlərin qalibi olması bununla əlaqələndirilir. 

Muradov qardaşlarından Fəxrəddin Muradov 2018-ci ildə həbs edilib. Fəxrəddin Muradov dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıqda ittiham edilirək həbs edilib.

Bütün xəbərlər