Bakının bu yerlərində bal yarmarkası keçiriləcək - Siyahı

14:38 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.

Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.

Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

 

Bütün xəbərlər