FHN-də rəis işləmiş şəxs dələduz çıxdı - Cinayət işi açıldı

03.10.2022,15:53


3 oktyabr, Fineko/abc.az. Fövqaladə Hallar Nazirliyində (FHN) rəis vəzifəsində işləmiş şəxs barəsində cinayət işi başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olan müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla onun 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanılıb.