Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkilə bilər

05.10.2022,14:12


5 oktyabr, Fineko/abc.az. Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.

Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.

"Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - deyə o, əlavə edib.