“Azərsu” Binəqədidə yeni layihənin icrasına başlayıb

06.10.2022,15:37


6 oktyabr, Fineko/abc.az.  “Azərsu” ASC əhalinin içməli su təmiatının yaxşılaşdırılması məqsədilə Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.

ABC.AZ quruma istinadla xəbər verir ki, dövlət investisiyası hesabına icra olunan layihə çərçivəsində Binəqədi qəsəbəsi 4-cü Qapı adlanan  ərazidə yaradılan yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi 700-dək ailəni  dayanıqlı içməli su ilə təmin edəcək.

Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə icra olunan yeni layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur, müxtəlif diametrli borularla 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 700-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq, hər bir abonent sayğacla təmin olunacaq. Layıhə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Yeni yaradılmış infrastruktur sakinlərin dayanıqlı içməli su ilə təminatına imkan verəcək, dəqiq uçot qurulacaq, su itkilərinin qarşısı alınacaq. 

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən dövlət investisiyası hesabına Binəqədi qəsəbəsi ilə yanaşı,  Sabunçu, Zabrat, Mərdəkan və Qala qəsəbələrində layihələrin icrası davam etdirilir. Bu layihələr çərçivəsində həmin qəsəbələrdə yeni mərkəzləşdirilmiş içməli su şəbəkələri yaradılır, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır.