Aİ Azərbaycana iqtisadiyyatın formalaşmasında kiçik və orta biznesin payını artırmağı tövsiyə edir

11:40 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Avropa İttifaqı Azərbaycan hökumətinin iqtisadiyyatın inkişafı və diversifikasiyası istiqamətində fəaliyyətlərini müsbət qiymətləndirir, lakin dörd əsas prinsipə müvafiq olmağa çağırır.

Avropa Komissiyasının qonşuluq siyasəti departamentinin direktoru Lourens Meredit Azərbaycanla Avropa İttifaqı arasında keçirilən 4-cü biznes forumunda bildirib ki, Azərbaycanla Aİ arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb.

“İndi biz tematik tərəfdaşlığı başa çatdırmaq mərhələsindəyik və bu tədbirlər tərəflərimiz arasında biznes imkanlarını genişləndirməyə imkan verəcək. Xüsusən, Azərbaycanın logistika və nəqliyyat mərkəzinə çevrilməsi Avropa ölkələrində maraq doğura bilər”, - Lourens Meredit belə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı hökumətin biznes mühitinin inkişafı və iqtisadi diversifikasiya sahəsində fəaliyyətini yüksək qiymətləndirir, lakin eyni zamanda dörd əsas prinsipə riayət etmək üçün tədbirlər görməyi tövsiyə edir.

“Birincisi, Azərbaycan iqtisadiyyatın formalaşmasında kiçik və orta biznesin rolunu artırmalıdır ki, bu da Avropada 60%, Azərbaycanda isə 10%  təşkil edir. İkincisi, təhsilin inkişafını, xüsusən də kiçik və orta biznesin elmi tədqiqatların aparılmasında iştirakını təmin etməkdir. Üçüncüsü, fərdi və dövlət sektorları arasında əməkdaşlığın təmin edilməsi, dördüncü isə investisiyaların təşviqi üzrə tədbirlərinin genişləndirilməsidir”, - Lorens Meredit belə deyib.

 

Bütün xəbərlər