III Azərbaycan-Avropa İttifaqı biznes-forumunda İKT, elektron ticarət, nəqliyyat və logistika məsələləri müzakirə olunub

22:52 - 5.06.2018


5 iyun, Fineko/abc.az.  Bu gün Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycan və Avropa İttifaqına daxil olan ölkələrdən iş adamları iştirak edib.

Biznes-forumun məqsədi Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrinin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunması olub. Forumda kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Biznes-forumun nəqliyyat və logistika panelində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, İKT və elektron ticarət panelində isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib.

Nəqliyyat və logistika panelində çıxış edən nazir Ramin Quluzadə bildirib ki, respublikamızda etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verilir.

Nazir, Azərbaycanın Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib. 

“Bu baxımdan, 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Bakı-Tbilisi-Qars, Çin də daxil olmaqla Uzaq Şərqdən Avropa istiqamətinə və geriyə daha etibarlı, səmərəli və təhlükəsiz daşımaların həyata keçirilməsinə töhfə verəcəkdir” - deyə nazir qeyd edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən bəhs edən R.Quluzadə bu limanın Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olduğunu vurğulayıb. O, yeni limanın bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişin daşımalarının həyata keçirilməsində əsas rol oynayacağını diqqətə çatdırıb.

Nazir, həmçinin Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Mühüm layihələrin həyata keçirilməsi və ölkənin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet hesab edirik. Bu baxımdan nəqliyyat şəbəkələrinin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən layihələrin maliyyələşdirilməsi və nəqliyyatda təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlığın inkişafına dair Avropa İttifaqının fəaliyyəti qarşılıqlı maraqlarımıza uyğundur. Bununla belə, hesab edirik ki, nəqliyyatda təhlükəsizlik məsələləri də daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin mövcud nəqliyyat imkanlarının qiymətləndirilməsi və prioritet layihələrin müəyyən olunması ilə bağlı təhlillərin aparılması və təkliflərin hazırlanmasında Avropa İttifaqı tərəfindən dəstək göstərilməsinə zərurət var. Bu tədbirlərin həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də tammiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaqdır”.

Məlumat üçün bildirək ki, Azərbaycan Avropa İttifaqı ilə “Twinning”, “TAIEX”, “SIGMA”, Texniki Yardım, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir.

Bütün xəbərlər