XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi dövlət səviyyəsində qeyd olunacaq

23:06 - 5.06.2018


5 iyun, Fineko/abc.az.  İyunun 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü ziyarət olundu.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub.  Şairin fəaliyyəti, vətənə məhəbbəti, həyat tərzi insanlarda rəğbət yaradır.

Vurğulandı ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il şairin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq: “Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar geniş tədbirlər planı hazırlayıb və ilboyu biz bu yubiley tədbirlərinin şahidi olacağıq. Dövlətimiz yazıçılara, şairlərə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Elə il olmur ki, ölkəmizdə qələm adamlarının yubiley tədbirləri qeyd edilməsin. Bu diqqət nəticəsində onların yaradıcılığı geniş təbliğ edilir”.

Vaqif Əliyev qeyd etdi ki, Mikayıl Müşfiq heç zaman unudulmayan şairdir. Çünki o, dünyaya şair kimi gəlmişdi. Müşfiq siyasi rejimin qurbanı olsa da, əbədiyyət qazandı, arxivləri məhv edilsə də, sevilən əsərləri xalqın dilində əzbərə çevrildi: “Azərbaycan milli musiqi aləti tarın aşiqi olan Müşfiq vaxtilə “Oxu, tar” deyərək alətin müdafiəsinə qalxmışdı. Bu gün Azərbaycan tarının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi yəqin ki, nakam şairin də ruhunu şad edir”.

Nazirin birinci müavini onu da diqqətə çatdırdı ki, Müşfiqin xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına küçə, qəsəbə verilib, oxuduğu 18 saylı orta məktəb şairin adını daşıyır. Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı bildirdi ki, bu gün 110 yaşlı gənc Müşfiqin xatirəsini yad edirik: “Coşqun qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan Müşfiqin yubileyi ilə əlaqədar dövlət başçısının sərəncamı şairin ruhuna ən böyük ehtiramdır. Bu yubiley poeziya bayramına çevriləcək. Çünki Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar”.

Çıxışlardan sonra şairin büstü önünə tər çiçəklər düzüldü, xatirəsi yad edildi. Tədbirdə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yazıçılar Birliyi, ictimaiyyət nümayəndələri, şairin ecazkar poeziyasının pərəstişkarları iştirak edirdi.

Bütün xəbərlər