Pambıq yığımı tam başa çatana qədər Azərbaycan Qırğızıstana pambıq yağı tədarük etməyəcək

12:51 - 24.10.2017


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, 2017-ci ilin doqquz ayı üzrə ixrac icmalını təqdim edəcək. Mərkəzdən verilən məlumata əsasən, yanvar-sentyabr aylarında Azexport.az portalı vasitəsi ilə, 60 ölkədən  355,8 milyon ABŞ dolları həcmində ixrac sifarişləri qəbul edilib.

“Yalnız sentyabrda daxil olmuş sifarişlərin dəyəri 47,4 milyon ABŞ dolları təşkil etmişdir. Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.2%), Türkiyə (6.7%), Ukrayna (6.3%), Hindistan (4.9%) və ABŞ (4.6%) yer tutub”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki, portal vasitəsi ilə daxil olan sifarişlərin əksər hissəsini, əsasən,  fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara verilən sifarişlər təşkil edib.

Məlumatda qeyd edilir: “Qırğızıstan Respublikasından pambıq yağına daxil olan sifariş həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər isə Azexport.az portalının komandası tərəfindən müvafiq yerli istehsalçılara yönəldilib”.

 

Bütün xəbərlər