Hesbalama Palatası bu nazirlikdə ciddi nöqsanlar aşkarladı

11:42 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Hesablama Palatası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin 2020-2021-ci illərdəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib.

ABC.AZ Palataya istinadən xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ümumilikdə 228,1 milyon manat vəsaiti əhatə edib.

Həmin məbləğin 202,5 milyon manatı dərman vasitələri, tibbi ləvazimatlar və materiallarının, 18,7 milyon manatı isə tibbi avadanlıqların alınmasına yönəldilib, eləcə də17,6 milyon manat məbləğində dərman vasitələrini, tibbi ləvazimatları və avadanlıqları (tibbi tələbat) beynəlxalq təşkilatlar və istehsalçılar əvəzsiz qaydada verib.

Audit nəticəsində tibbi tələbatların və bununla bağlı büdcə vəsaitlərinə olan tələbat üzrə proqnozların əsaslı şəkildə hazırlanmaması səbəbindən bəzi hallarda illik tələbatdan daha çox dərman alındığı, faktiki tələbatın müəyyənləşdirilməməsi və paylanmada nəzərə alınmaması proqramlar çərçivəsində xəstəxanalar üzrə bir xəstəyə düşən vəsaitin məbləğinin nəzərəçarpacaq dərəcədə fərqləndiyi məlum olub.

Bununla yanaşı, Mərkəzin 2018-2021-ci illərdə aldığı 100 halda 3 342,5 min manatlıq tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manatlıq hemodializ avadanlıqları, 215 min manatlıq tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənə qədər anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib.

Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 milyon manat məbləğində dərman vasitəsinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb.

Eyni molekulyar tərkibə, lakin fərqli qiymətlərə malik dərmanlar üzrə bəzi hallarda daha aşağı qiymətlər tətbiq edilməyib, nəticədə, həmin hallar üzrə daha çox vəsait istifadə olunub.

Bununla yanaşı, il ərzində mərkəzləşmiş xərclərdən proqramların və tədbirlərin təminatı üçün dərman vasitələrinin alınmasına vəsait yönəldilib ki, bu da müalicə-profilaktik müəssisələrin təminatında riskləri formalaşdırıb.

Bütün xəbərlər