Səhiyyə nazirliyi barəsində audit hesabatı Baş Prokururluğa göndərildi

11:48 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Hesablama Palatası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin 2020-2021-ci illərdəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib.

ABC.AZ Palataya istinadən xəbər verir ki, audit nəticəsində nazirlikdə bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, funksional fəaliyyət tələbata və dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində təşkil edilməyib, 847,9 min manatlıq dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilib, bu isə hesabatlarda təhriflərə yol açıb.

Həmçinin, dərmanların topdansatış qiymətinin və tariflərin müqayisəsi Tarif Şurasının tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq etdiyi yanaşmanın bazarda mövcud olan qiymətləri və meylləri nəzərə almaqla çevik qaydada yenilənmədiyini göstərib.

Belə ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalıb, tariflər 75 adda dərman üzrə 18,5%-57,1% daha baha müəyyənləşdirilib.

Müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olub.

O, cümlədən tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcə də audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

 

Bütün xəbərlər