Masazırın nasaz avtobusları - Cana doymuş sakinlər

12:22 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Masazırlıların illərdir davam edən tıxac problemi həll edilməmiş, üstünə biri də əlavə edilib. Saatlarla tıxaclarda qalan Masazır sakinləri indi də, avtobuslarda natəmizlikdən, sürücülərin sərnişinlərlə normal rəftar etməməsindən əziyyət çəkirlər.

ABC.AZ xəbər verir ki, bu barədə saytımıza Masazır sakinləri bildirib.

Onların sözlərinə görə, avtobuslar artıq istifadəyə yararsız hala düşsə də, sahibkar hələ də nəqliyyat vasitəsini xətdə istifadə edir. Sakinlər iddia edir ki, xətdə istifadə olunan avtobuslarla hərəkət etməyə artıq qorxurlar.

Onların sözlərinə görə, avtobusa “bir minən, bir də düşünən sevinir”.

“Avtobusların içərisi çox natəmiz haldadır. İçərisində tum qabıqları, siqaret kötükləri, hətta şirə qabları da görmək olur. Niyə sürücülər təmizliyə fikir vermirlər, sahibkarlar avtobuslara baxmırlarmı?. İnanın ki, adam antisanitariyaya görə avtobuslara minmək istəmir. Ona görə çox adam 1 manatlıq taksidən istifadə edir. Bu da tıxac yaradır”.

Sərnişinlərin narazılığı bununla bitmir. Masazır sakinləri sürücülərin də sərnişinlərlə kobud rəftar etdiklərini deyirlər:

“Əksər sürücülər sərnişinlərlə normal rəftar etmir, onsuzda tıxaclarda qalırıq saatlarla, sonra da belə münasibəti görən insanlar daha da gərgin olur. Çox xahiş edirik aidiyyəti qurumlar bu məsələyə əncam çəksinlər”.

Qeyd edək ki, sözügedən ərazidə 525 saylı avtobuslar çalışır və nəqliyyat vasitələri günün tələbinə heç də cavab vermir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər