Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

17.11.2022,15:25


17 noyabr, Fineko/abc.az. Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

ABC.AZ “Azərsu” ASC-y istinadla xəbər verir ki, nəzarət tədbirləri zamanı Masazır qəsəbəsi Əliağa Vahid küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasının tikintisi zamanı içməli sudan qanunsuz istifadə aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, inşaat işləri aparılarkən suya olan tələbat şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. İçməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsdəilə həmin xətt dərhal ləğv edilib.

 Həmçinin, aparılan nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Məlum olub ki, ərazidən keçən 110 mm diametrli su kəmərinə özbaşına müdaxilə olunub və gölməçənin içi ilə su xətti çəkilərək 70-ə yaxın fərdi yaşayış evinə qeyri-qanuni su verilib.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Eyni zamanda aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur. İçməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

 Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında  içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 8248 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 135 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Abşeron rayonunda aşkarlanmış 617 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 151 min kubmetr  sərfiyyat  bərpa olunub. Bütövlükdə isə cari ilin yanvar-oktyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı aşkar edilmiş 250-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

https://www.youtube.com/watch?v=9ni0Y10SnU4&ab_channel=Az%C9%99rsuASC