Azərbaycanda bu isrehsal sagəsi ƏDV-dən azad edilə bilər – Müzakirələr oldu

22.11.2022,11:32


22 noyabr, Fineko/abc.az. Azərbaycanda soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə bu sahədə dövlət dəstək mexanizmlərinin, vergi güzəştlərinin, o cümlədən bu məhsulların ƏDV-dən azad edilməsinin sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına (yem qiymətlərinə) təsiri, həmçinin sahənin gələcək inkişafı, ixrac potensialı və investisiya perspektivləri barədə fikir mübadiləsi aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, qurumda yem istehsalçıları və heyvandarlıq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov idxalın yerli istehsalla əvəzlənməsinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. O, bildirib ki, soya məhsulundan əldə edilən ekstraktlar və yem əlavələrinin yerli istehsalının təmin olunması, eləcə də təsərrüfatlara onun satışının məhz yerli istehsalçılar tərəfindən həyata keçirilməsi həm məhsulun maya dəyəri baxımından qiymətinə, həm də məşğulluq siyasətinə müsbət təsir göstərə biləcək. N.İmanov kənd təsərrüfatı sektorunun təşviqi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.