“Baker Tilly Azərbaycan” audit şirkəti 15 illik yubileyi münasibəti ilə “Yaşıl gələcək” adlı ağacəkmə tədbirlərinə başladı

23.11.2022,14:39


23 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycanın audit bazarında 5 qabaqcıl audit və məsləhət xidmətləri göstərən şirkətlərdən biri olan “Baker Tilly Audit Azərbaycan” QSC fəaliyyətinin 15-ci ildönümü münasibəti ilə “Yaşıl Gələcək” adlı ağacəkmə aksiyası keçirdi. Aksiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər nazirinin müavini cənab Firdovsi Əliyev və digər aidiyyəti üzrə əməkdaşlar da iştirak etdilər.

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə baş tutan və ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində Bakı şəhəri yaxınlığında Müşviqabad qəsəbəsində zeytun və eldar şamı ağacları əkildi.

Ekologiya və təbii sərvətlər nazirinin müavini cənab Firdovsi Əliyev təbiətə qayğı və sevgi hissini aşılamaq məqsədi ilə aksiyanın əhəmiyyətindən, son illərdə ölkədə reallaşan ekoloji tədbirlər və bu istiqamətdə aparılan işlərdən danışdı, həmçinin ekoloji mədəniyyət barədə fikir və tövsiyələrini paylaşdı. Firdovsi müəllim böyük məmnuniyyətlə əməkdaşlara damcı ilə suvarma sistemlərinin iş prinsipini, tinglərin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarını izah etdi. Firdovsi müəllimin maarifləndirici tövsiyələri və ruhlandırıcı nitqindən sonra aksiyada iştirak etməkdən və təbiətimizə verdiyimiz kiçik töhfədən qürur duyduq.

“Baker Tilly Audit Azərbaycan” QSC-nin direktoru Şahin Həsənov: “Baker Tilly Audit Azərbaycan” QSC özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində, hər zaman ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına bu və ya digər formada dəstək olmağa çalışmış və növbəti illərdə daha çox ekoloji məzmunlu layihələrdə iştirak etməyi planlaşdırır. Uğurlu ekoloji layihələr və təbiətə dövlət qayğısından ilhamlanaraq bu gün bu aksiyada iştirak etməklə ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə kiçik də olsa belə əməli töhfə verə bilmək bizi çox sevindirdi.”

Açar sözlər: Baker Tilly