“Bakı Alış-Veriş Festivalı” geyim dükanlarının dövriyyəsini artırıb

12:30 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, AFRA İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı” bütün gözləntiləri doğrultdu, həm sahibkarlar, həm istehlakçılar tərəfindən kifayət qədər marağa səbəb oldu və nəticədə yeni layihələrin təməlini qoymuş oldu.

O, bildirib ki, istəyimizə nail ola bildik, ilkin nəticələ görə, brend geyim mağazalarının dövriyyəsi son 2 həftə ərzində 22% artıb.

"Gələcəkdə “Bakı Alış-Veriş Festivalı”-nın ildə 2 dəfə keçirilməsini, brend sayının artırılması, stimullaşdırıcı lotoreyalarının keçirilməsi və qiymətli hədiyyələrin uduşunu təşkil etməyi düşünürük”, - deyə Fərid Novruzi qeyd etdi.

Qeyd edək ki, “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) 6-20 noyabr tarixlərində Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Kapital Bankın dəstəyi ilə şəhərimizin bütün Ticarət Mərkəzlərində və şəhər mağazalarında təşkil olunub. Festivalda 68 dünya geyim brendi iştirak edərək alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və kuponları təqdim etdilər.

Bütün xəbərlər