Azərbaycan beynəlxalq bazara yerli istehsal olan “Khazar” avtomobillərini çıxacaq

17:11 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Bu gün Neftçala Sənaye Parkı ərazisində istehsal olunan “Khazar” avtomobil markasının təqdimatı keçirildi.

“Azərmaş” ASC-in İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, Avro-5 standartlarına tam uyğun olan “Khazar” avtomobilləri həm Azərbaycanda, həm də xarici bazarda “Made in Azerbaijan” brendi ilə satılacaq. Zavodun illik gücü 10 min avtomobil təşkil edir. İlin sonuna qədər zavodda  “Khazar” LD markalı 60 ədəd avtomobil və  “Khazar” SD markalı 100 avtomobil istehsal ediləcək. Ümumilikdə, 2018-ci ildə  1500 avtomobilin, 2019-cu ildə 3000 avtomobilin  və 2020-ci ildə  5000 avtomobilin istehsalı planlaşdırılır. Avtomobillər Bakı şəhərinin Badamdar qəsəbəsindəki avtomobil satış mərkəzində, sonra isə Bakının digər satış mərkəzlərində və ölkənin regionlarında satılacaq.

“Khazar” SD modelinin qiyməti 16 min manat, “Khazar” LD modelinin qiyməti isə 18 min manatdır  ki, bu da analoji modeldə olan avtomobillərdən 20% ucuzdur. Maşınlar həm nağd olaraq, həm də 20% ilkin ödəniş olmaqla, 4 il müddətində kreditlə alına bilər.

 


Bütün xəbərlər