Reklamla bağlı qaydaları ən çox pozan bölgələr – Siyahı

16:52 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Reklamlarla bağlı qanun pozuntusu ən çox Bakı, Şəki və Sumqayıtda qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Qeyd olunub ki, bu ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4 327 reklamın yayımı dayandırılıb.

Həmin müddətdə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya ümumilikdə 22 827 müraciət daxil olub. Müraciətlərin bəzisində bir neçə reklamın qeydiyyata alınması nəzərdə tutulduğundan ümumulikdə verilən icazə sənədlərinin sayı 95 948-dir.

“Ticarət obyektlərinin daha çox paytaxtda cəmləndiyini nəzərə alsaq, müvafiq olaraq açıq məkan reklamları ilə bağlı ən çox qanun pozuntusu da Bakıda (1 350 reklam) aşkarlanıb. Sıralamada növbəti yerlərdə 1 288 ədəd olmaqla Şəki və 682 ədəd olmaqla Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki ərazilər gəlir. Qanun pozuntuları əsasən icazə sənədləri olmadan açıq məkanda reklam yayımlama ilə bağlıdır”, - ADRA-dan bildirilib.

Müvafiq icazə sənədi olmadan reklam yayımı həyata keçirən sahibkarlıq subyektinin sayı 5 340 olub. Sənədsiz yayımlanan reklamların 167-si tarixi binaların payına düşüb.

Bütün xəbərlər