PwC Azərbaycanin hüquq praktikasina yeni rəhbər təyin edilib

17:26 - 8.06.2018


PwC Azərbaycanın rəhbərliyində yeni təyinat olub. Elçin Məmmədov PwC Azərbaycanın Hüquq Praktikasının rəhbəri təyin edilib. Elçin müqavilələr, bankçılıq və məhkəmə daxil olmaqla, hüququn müxtəlif sahələrində geniş təcrübəyə malikdir. O, ikiqat ixtisasa malik olmaqla Azərbaycanda və  İngiltərə və Uelsdə  hüquqşünas kimi peşəkar fəaliyyət göstərir. Elçin əvvəllər Omni və MGB (keçmiş McGrigors) və Ledingham Chalmers kimi hüquq şirkətlərində partnyor vəzifəsində çalışmışdır.

Son bir neçə ildə PwC Azərbaycanın hüquq praktikası əhəmiyyətli dərəcədə genişlənmişdir. Şirkətimizdə immiqrasiya, əmək hüququ və mübahisələrin həlli kimi müxtəlif hüquq sahələrində ixtisaslaşan 8 hüquqşünas fəaliyyət göstərir. Bundan əlavə, bu il "Legal 500" beynəlxalq reytinq şirkəti 2018-ci il üçün PwC Azərbaycanın “Tier 2” mövqeyini yenidən təsdiqləyib.

Reytinq praktiki sahələri və müxtəlif sahələrdə müştərilərə ən qabaqcıl və innovativ hüquqi məsləhətlər göstərən komandaları əhatə edən bir sıra meyarlara əsaslanır. PwC Azərbaycanın hüquq peşəkarları korporativ, birləşmə və satınalma, bank və maliyyə, neft və qaz, əqli mülkiyyət, əmək, immiqrasiya və məhkəmə məsələləri sahəsində xidmətlər göstərir.

Şirkətimizin hüquq komandası qlobal PwC şəbəkəsinin mütəxəssisləri ilə birlikdə inteqrasiya olunmuş hüquqi məsləhətlər təklif edir. 90 ölkədə 3500-dən çox hüquqşünası və 116 ölkədə immiqrasiya hüquq ofislərini əhatə edən PwC hüquq praktikası ən böyük hüquq xidmətlər şəbəkəsidir.

 


Bütün xəbərlər