“İdeyadan Biznesə” startap turunun Quba üzrə qalibi müəyyənləşdi

20:49 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti  startap turu Quba şəhərində keçirilib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılıq, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlıq etdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.
 
Quba Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Qusar, Xaçmaz, Şabran, Siyəzən və digər ətraf rayon və şəhərlərdən olan 50-dək gənc qatılıb.
 
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunub, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıb. Layihə müəlliflərinin hər çıxışından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub. İkinci hissənin sonunda münsiflər Quba üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirib.
 
Belə ki, 1-ci yerin sahibi “Edu Record” layihəsi ilə Əlizadə Cəmil, “Sintetik futbol” ideyası ilə Müslümov Elxan 2-ci, “Home Study” ideyası ilə Muradxanova Nərgiz 3-cü olub.
 
Məlumat üçün bildirək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.
 
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
 
Turların ətraf rayon və şəhərləri də əhatə etməklə Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.
 
Xatırladaq ki, startap turları Mingəçevir və Lənkəran şəhərində keçirilib və qaliblər müəyyənləşib.

 

Bütün xəbərlər