Külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

08.06.2018,20:55


8 iyun, Fineko/abc.az. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və sorğu-sual edilib. O, üzərində gömrük nəzarətinə bəyan olunası əşyanın olmadığını söyləyib.

Lakin yoxlama zamanı, vətəndaşın üzərində - jiletinin cibində 1 cüt sırğa, şalvarının cibində 3 ədəd boyunbağı və 1 cüt sırğa, əl çantasındakı cüzdanın içərisində 3 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, şalvarının iç tərəfində isə xüsusi düzəldilmiş cibdə 2 ədəd üzük, 1 ədəd sırğa-üzük dəsti, 1 cüt sırğa, 6 ədəd qolbaq, 1 dəst sırğa-üzük-kulon aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 130,02 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.