Azərbaycanın ilk “Caucasus Ventures” vençur fondu yaradıldı

14:15 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb.

ABC.AZ xəbər verir ki, Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır.

Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.

Qeyd edək ki, sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

“Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.

Bütün xəbərlər