Bundan sonra rayonlara avtobus bileti internetlə satılacaq

11:22 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələrinin şəhərin digər nöqtələrində toplaşması halları var. Regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda sərnişin daşımasının qarşısını almaq üçün hansı işlər görülür?

ABC.AZ xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, “COVID-19” pandemiyası dövründə Nazirlər Kabinetinin qərarı ilə avtovağzallarda sərnişindaşıma müəyyən müddətə dayandırıldı.

"Həmin dövrdə xeyli sayda qeyri-qanuni daşımalar baş verdi. Şəhərlərarası sərnişin daşımaları bərpa edildikdən sonra daşıyıcıların və avtovağzal sisteminin fəaliyyətində çətinliklər yarandı. Çünki avtovağzallara daxil olmadan və kassalardan bilet almadan sərnişinlərin daşınması həyata keçirilirdi.

Heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla avtovağzallardan kənar, qanunsuz reyslərin edilməsi həm avtovağzalların, həm də daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir.

Bununla bağlı əvvəlcə iri daşıyıcılar, daha sonra avtovağzal rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub. Onlardan problemlərin həlli ilə bağlı təkliflər alınıb. Bu təkliflər əsasında avtovağzalların işinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən sərnişindaşıma üzrə bilet satışının elektronlaşdırılması nəzərdə tutulur", - açıqlamada deyilir.

 

Bütün xəbərlər