Bunu edənlər 12 min manat cərimə ediləcək

01.12.2022,10:29


1 dekabr, Fineko/abc.az. Azərbaycanda telefonların İMEİ nömrəsini dəyişənlər on iki min manat cərimə ediləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 368-1-ci maddə (Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi) əlavə olunur.

Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12000 manatadək məbləğdə cərimə olunacaq.

Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.