İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13:29 - 10.06.2018


10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib. Səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırdı. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Mariya Milaqros Kastanyon Seoane Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu dedi.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirdi, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş etdi.

 

 

Bütün xəbərlər