Fransa sahibkarları bunu Azərbaycandan ala bilər

17:16 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Fransa biznesmenləri istehsal etdikləri kosmetika məhsullarının tərkib hissələrini Azərbaycandan idxal etmək istəyirlər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu  "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib. 
Onun sözlərinə görə, “Şuşa İli”nə həsr edilmiş xüsusi müsabiqənin qalibi olan AQSİA icra etdiyi "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində noyabrda Fransanın paytaxtı Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi keçirib: "Bu sərgi Azərbaycanın qadın sahibkarlığının inkişafında, milli mədəniyyətin təbliğində mühüm rola malikdir. Sərgidə Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən 15 geyim nümayiş etdirilib. Hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub”.

S.Babayevanın sözlərinə görə, son vaxtlar Fransa Senatının Azərbaycanla bağlı verdiyi qərara görə ikitərəfli münasibətlərdə gərginlik var: “Bu gərginlik aradan qalxarsa, bu, bizim gələcək iqtisadi inkişafımıza, məhsullarımızın satışına müsbət təsir göstərəcək. Biz də bununla bağlı töhfəmizi verəcəyik”.

Bütün xəbərlər