Bu şirkət Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı genişləndirmək istəyir

10:19 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. MasterCard və Azərbaycan Mərkəzi Bankı kiçik və orta biznes subyektləri ilə əməkdaşlığı genişləndirməyə, eləcə də maliyyə sektorunda innovativ iştirakçıları dəstəkləməyə hədəflənib.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə MasterCard-ın Azərbaycan və Türkiyədəki baş direktoru Avşar Gürdal deyib.
Onun sözlərinə görə, ödənişlərin rəqəmsallaşdırılması, demək olar ki, bütün dövlətlərin strateji planlarından biridir və MasterCard Azərbaycanda ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.
"Nağd pul və onun dövriyyəsinə nəzarət dövlət üçün əlavə xərclər yaradır. Ödənişləri rəqəmsallaşdırmaqla biz şəffaflığı və vergi daxilolmalarını artırır, həmçinin vəsaitlərin dövriyyəsini və ona nəzarəti sadələşdiririk. Azərbaycan tənzimləyicisi ilə imzalanmış sənəd çərçivəsində nağdsız ödənişlərin, o cümlədən taksilərdə, kiçik kafe və restoranlarda qəbulu üçün məntəqələrin sayının artırılması nəzərdə tutulur.

Həmçinin Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində təmassız bank kartlarının sayını artırmaq niyyətindəyik. Bu gün Azərbaycanda bank kartlarının sayı 12 milyonu ötür (onların 70 faizindən çoxu təmassızdır). Tədavüldə onların sayının artması ödənişlərin rəqəmsallaşmasının sürətləndirilməsinə xidmət edir və bu istiqamətdə işlər davam etdirilir. Həyata keçirdiyimiz təşəbbüslər kiçik və orta bizneslə əməkdaşlığın genişləndirilməsi, eləcə də maliyyə sektorunda innovativ iştirakçıların dəstəklənməsi üçün zəmin yaradır”, - deyə A.Gürdal bildirib.

Bütün xəbərlər