“Lenovo” Bakıda regional mərkəz yaradır

14:36 - 6.12.2022


6 dekabr,Fineko/abc.az. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi aparıcı beynəlxalq “Lenovo” texnoloji şirkətinin nümayəndə heyəti ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüş zamanı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, şirkətin ölkəmizdə fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək. Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Öz növbəsində nazir Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib. Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.

 

Bütün xəbərlər