“Bank VTB Azərbaycan” nağd pul kreditləri üzrə faiz dərəcələrini azaldır

06.12.2022,15:36


6 dekabr, Fineko/abc.az.  “Bank VTB Azərbaycan” ASC Yeni il bayramları ərəfəsində faiz dərəcəsini 1 faiz bəndi – 12,99%-ə qədər endirməklə nağd pul kreditləri üzrə şərtləri yaxşılaşdırıb.

Azərbaycan əhalisi arasında ən çox tələb olunan məhsullardan biri də istehlak kreditləridir. Bu ilin 10 ayının yekunlarına əsasən, bankın bu seqment üzrə kredit portfeli 27% artaraq 68 milyon manata çatıb.

“İlin sonu ənənəvi olaraq müştərilərin ən çox böyük alış-veriş etdikləri və bunun üçün nağd kreditlərə üstünlük verdikləri dövrdür. İstehlak kreditləşməsinə davamlı marağı qeyd edərək, biz borcalanlar üçün təklifimizi təkmilləşdirmək qərarına gəldik. Bu gündən etibarən minimum tariflər illik 12,99%-ə endirilib ki, bu da müştərilərə bayramqabağı xərclərini daha inamla planlaşdırmağa imkan verəcək”, - deyə, “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru Yevgeni Borodin bildirib.

O, əlavə edib ki, nağd pul kreditlərinə artan tələbat fonunda əhalinin borc yükünün sürətinin artmasının qarşısını almaq vacibdir, ona görə də bank müştərilərin ödəmə qabiliyyətinə və onların gəlirlərinin kredit borclarına nisbətdə tarazlığın qorunmasına diqqət yetirir.

“Bank VTB Azərbaycan”da 6 aydan 60 aya qədər, 40 min manata qədər nağd kreditlər verilir. Müqavilənin rəsmiləşdirilməsinə görə bank müştəridən komissiya almır. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan alınan bir neçə krediti birləşdirə və onlar üzrə borcunuzu qaytara, həmçinin əlavə vəsait əldə edə bilərsiniz. Kampaniya 31 yanvar 2023-cü il tarixinə qədər davam edəcək.

İstehlak krediti üçün bankın internet saytında, filiallarda və yaxud 986 nömrəsinə zəng etməklə əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz.

Açar sözlər: VTB