Azərbaycanın Dünya Bankı ilə birgə icra etdiyi layihələrin sayı açıqlanıb

15:11 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Bu günə qədər Azərbaycan Dünya Bankı ilə birgə 3,2 milyard ABŞ dolları dəyərində 49 layihə icra edib, hazırda isə 3 layihənin icrası davam etdirilir.

ABC.AZ "Report"-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, həmin layihələrdən biri nazirliyin benefisiarlığı ilə həyata keçirilmiş "Yaşıl İqtisadiyyat"ı dəstəkləyən "Bərk məişət tullantılarının idarə edilməsi layihəsi"dir ki, uğurlu icrasına görə Dünya Bankının mükafatına layiq görülüb.

Bundan başqa, nazir müavini deyib ki, Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ildə keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş, 17 məqsədi və 169 hədəfi özündə ehtiva edən qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə “2030 Gündəliyi” təşəbbüsünə qoşulub, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə BMT-nin İqlim Dəyişmələri üzrə Parıs Sazişini və Kioto protokolunu ratifikasiya edib: "Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu baxımdan ölkəmizdə DİM-lərin həyata keçirilməsində iqtisadi, sosial və ekoloji amillərin vahid formada inteqrasiyası, “yaşıl iqtisadiyyat”ın təşviqi xüsusi əhəmiyyətə malikdir. Artıq qeyd olunduğu kimi, ölkəmiz regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim edib, bu isə Azərbaycan Hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73.5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb və göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Hesabatdakı mövqeyi ilə ölkəmiz dünyada hər 3 ölkədən 2-ni qabaqlayıb, Cənubi Qafqaz regionunda lider mövqeyini qoruyub. Habelə, ekoloji sahədə həyata keçirilən tədbirlər və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi məqsədilə icra olunan layihələr nəticəsində Azərbaycan Yaşıl İnkişaf İndeksində (Green Growth Index) Asiya regionu üzrə 10-cu yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, bu indeksdə Türkiyə 18-ci, Ermənistan 21-ci, Qazaxıstan 25-ci, Tacikistan 30-cu yerdədir".

Bütün xəbərlər